www.nice.az > Xəbərlər > Qaradağlı faciəsindən 18 il ötür
Qaradağlı faciəsindən 18 il ötür17 fevral 2010. Müəllif: krik |
![]() Bu gün Qaradağlı faciəsindən 18 il ötür. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçıları baş qaldırdığı andan Qaradağlı kəndinin də faciəli günləri başlandı. Kənd əhalisi doğma yurdu, hər qarışı, hər daşı uğrunda mübaizə apardı, 800-ə yaxın sakindən 77 nəfəri ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu. 1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 gənc oğlan, 6 qadın qətlə yetirildi. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı. 1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı. Fevral ayının 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı. Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladı tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusuna tökülərək üstləri torpaqlandı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürüldü və hamının gözü qarşısında güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakini ermənilər tərəfindən əzab və işgəncələr verilərək amansızlıqla qətlə yetirildi. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. 5 nəfərin taleyi naməlum qaldı. Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 15-i əsirlikdən qayıtdıqdan sonra ermənilərin verdikləri ağır işgəncə və əzabların nəticəsi olaraq vəfat etdi. Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı, sakinlərinin başına görünməmiş müsibətlər gətirildi. Kənddə olan 104 nəfər sakindən 54-ü, 14 nəfər əsgərdən 12-si əzab və işgəncələrlə öldürüldü, insanlar diri-diri torpağa basdırıldı. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. 2 ailənin hər birindən 4 nəfər şəhid oldu, 42 ailə başçısını itirdi, 140-a yaxın uşaq yetim qaldı. İşğal nəticəsində Qaradağlı kəndində 200 ev, 1 mədəniyyət evi, 320 şagird yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdıldı. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşdü. |