www.nice.az > Xəbərlər > Vətən sevgisi
Vətən sevgisi15 dekabr 2010. Müəllif: Sparrow |
Vətən sevgisi Vətən sevgisi imandandır. Bu sözləri sevimli peyğəmbərimiz Məhəmməd Seçilmiş (Mustafa) deyib. Səlis ifadədir. Üzdə olan mə`nası budur ki, yurda məhrəmanə bir tərzdə bağlanmaq, onu inkişaf etdirmək, ucaltmaq... və nəhayət, düşmən təcavüzlərindən qorumaqla bağlı insanın keçirdiyi həyəcanlar, yaşadığı duyğular müqəddəsdir. Ona görə müqəddəsdir ki, ulu Tanrıya iman məsələsinə gerçək məzmun qazandırmaq gücündədir. Vətən sevgisinin imanla bağlı ən çətin sınaq mərhələsi dışdan olan düşmən təcavüzləri zamanına təsadüf edir. Məhz bu zaman vətən sevgisi Allah sevgisinə yaxın bir ucalıq statusu qazanmaq üçün həlledici sınağa çəkilir. Və Tanrıdan ruzi olaraq əkib-becərdiyi, havasını udduğu, üstündə yaşayıb-yaratdığı torpağı qorumağı bacaran imanlı şəxslərdən Tanrı da yardımını əsirgəmir. Düşmənə qarşı savaşı Allah yolunda savaş kimi təlqin edir bizlərə müqəddəs Kitabımız: "Allah yolunda savaşın sizinlə savaşanlarla. Ancaq təcavüz eləməyin. Təcavüzkarları sevməz Allah" (İnək surəsi - "Baqara", 190). Bu ayənin hikməti üzərində düşünə-düşünə özüm üçün bir şeyi də yəqin edirəm. Danışıqlar prosesində ölkə rəhbərliyinin təcavüzkar Ermənistana bir-birinin ardınca səviyyəsizcəsinə etdiyi güzəştlər bir yana, düşməni dünyaya təcavüzkar tərəf kimi tanıda bilməməyimizin başqa səbəbi də, şübhəsiz, təcavüzkarlara qarşı müdafiə savaşlarını bir tərəf kimi dayandırmağımız olmuş. Haqlı tərəfin öz haqqını güzəştə getməyi absurddur. Yoxsa bu, haqqı güdaza vermək anlamına gəlir. "Kim ki, sizə təcavüz eyləmişsə, təcavüz eyləyin ona eləcə, sizə necə təcavüz eyşləmişsə" (194) - deyilir başqa bir ayədə. Öncəkində "təcavüz eləməyin", burada isə "eləyin" deyir Tanrı. Buyuruqlar fərqli səslənirsə də, məqsəd eynidir: vətənin müdafiəsi! Təcavüzkara cavab tədbiri kimi düşmənlə düşməncəsinə rəftarın vacibliyidir bizlərə təlqin edilən. Məhz belə adekvat cavab tədbirilə işğalçını yerində oturtmaq mümkün sayılır. "Öldürün onları harada haqladızsa, çıxarın onları o yerdən ki, çıxarmışlar sizləri" (191) ayəsi də göstərir ki, söhbət yalnız doğma torpaqların azad edilməsi zərurətindən gedir. Yenə də ayələrə qulaq kəsilək: "Sizinlə savaşa özləri birinci başlamışdılar, onlarla savaşmazmısınız? Yoxsa qorxursuz onlardan? Daha çox Allahdan qorxmalısız axı, əgər möminsinizsə"; "Savaşın, qoy sizin əlinizlə əzab versin onlara, zəfərə çatdırsın sizi, fərəhlə doldursun möminlərin sinəsini" (Tövbə, 13-14). Vətənin düşməndən qorunmasını ilk növbədə ölkənin silahlı qüvvələri təmin etməlidir. Müqəddəs Kitabımızın bu məsələyə münasibəti də ibrətamizdir: "Qüvvəniz yetən qədər qüvvə yığın, savaş atlarını (yə`ni hərbi texnikanı) hazır saxlayın ki, qorxuya salasınız Allahın və sizin düşməninizi və başqalarını - Allahın tanıdığı, sizin tanımadığınız düşmənləri" (Qənimətlər surəsi, 60). Vətən sevgisi bizlərə ilahidən əmanət verilən vətən anlayışının dərkini də zəruri edir. Təbii ki, vətən maddi anlamda üzərində yaşadığımız, suyunu içdiyimiz, havasını udduğumuz, nemətlərindən yararlandığımız torpaqdırsa, mənəviyyat müstəvisində bu o torpağı qoruyub saxlamaq, işğal altındadırsa azad etməklə bağlı ilahi təlqinləri və təşviqləri əhatə edir. Hansı səviyyədə imanlı olmağımız, din təbirilə desək, taqva dərəcəmiz, heç şübhəsiz, bu qlobal maddi-mənəvi müqəddəs saxlanca münasibətimizlə də bir ölçülməlidir. Əzəli Azərbaycan torpağı Qarabağ düşmən əlindədir. Onu bizdən alıblar, vəzifəmiz geriyə qaytarmaqdır. Təbii ki, torpaq güzəştindən başqa nəyin bahasına olursa-olsun. Vaxtilə Şuşayla Laçının işğalına görə rəsmi səviyyələrdən kimlərəsə xəyanət ittihamnamələri oxuyanlar düşmənlə Şuşasız-Laçınsız sülhə getmək niyyəti güdəcəklərsə, buna da başqa bir ad tapmaq sadəcə mümkün olmayacaq. Hadisələri qabaqlamaq istəməzdim. Ancaq indilikdə onu deməliyəm ki, xalqa təslimçilik ovqatı aşılamaq da yaxşı iş deyil. Bir də baxırsan başlayırlar ki, vəziyyət həddindən artıq mürəkkəbdir, düşmənin belə-belə arxası var, ruslar ermənilərə filan qədər silah veriblər, erməni lobbisi Amerika konqresinə təsir edir... Bəs Rəbbimiz nə deyir? Buyurun eşidin: "Bəndəsinə Allah xofu bəs deyilmi ki, hələ səni O-ndan başqalarıyla da qorxutmaq istəyirlər?.." (Sad surəsi, 36). Müqəddəs Kitabımız doğma torpağın azadlığı uğrunda savaşmağı vacib sayır bir də o üzdən ki, küfrün coğrafiyası genişləndikcə qaçqınlıq, didərginlik, zülm-zilləti də artır. Belə bir şəraitdə Tanrının sevgi dolu nəzərləri zillənir iman gətirənlərə: "Sıx hörgülü divarları andıran cərgələrə düzülərək Onun yolunda savaşanları sevər Allah" (Cərgə surəsi, 4). Şübhəsiz ki, nəzərdə tutulan sülh sazişi Şuşalı-Laçınlı olursa, torpaqlarımızın da deyildiyi sayaq sülh yolu ilə itkisiz xilası daha yaxşı. Ancaq burası da var ki, ədalətin bərpası naminə möminlərin savaşmaq haqqı da ilahidən bir əmanətdir və bu haqqı-əmanəti onlar özlərində qoruyub saxlamalıdırlar. "Zülm çəkdiklərinə görə möminlərə savaşmaq üçün izn verilmiş. Bunlara yardım etməyə, əlbəttə, qadirdir Allah" (Hac surəsi, 39) - deyir Rəbbimiz. Belə bir əmanətə xəyanətin qarşılığı olduqca ağırdır, başqa sözlə əbədilik torpaq itkisidir, tarix ləkəsidir: "Ağrılı bir əzab verər sizə O, yerinizə başqa qövmü gətirər O qalxmasanız hamılıqla savaşa..." (Tövbə surəsi, 39). "Hamılıqla savaş" çağdaş deyimlə vətən müharibəsi deməkdir. Müharibədə isə qələbənin rəhni millətin bütün güclərinin, siyasi-iqtisadi-mənəvi potensialının yalnız düşməni əzmək işinə yönəlməsindədir. Belə bir ümummilli iş, xalqın taleyi məsələsinə görə məsuliyyət təkcə gəldi-gedər vəzifəli şəxslərin üzərində olmamalıdır. Və əgər söhbət işğal edilmiş torpaqların xilası ilə bağlı müharibədən deyil, başqa tədbirlərdən gedirsə (diplomatik danışıqlar, ordu quruculuğu və s.), bu işlərdə də millətin gücü, nəfəsi duyulmalıdır. Bir daha vurğulayım ki, torpaq və torpağı qorumaq işi Tanrı əmanətidir. Bu əmanətə münasibətimiz Ona layiq olmalı ki, istədiyimiz qarşılığı ala bilək Tanrıdan, istər bu dünyada, istər də axirətdə. |