www.nice.az > Xəbərlər > Daha üç ölkə "Eurovision-2012" təmsilçisini müəyyənləşdirdi

Daha üç ölkə "Eurovision-2012" təmsilçisini müəyyənləşdirdi


27 fevral 2012. Müəllif: GHoSTMaN
Daha üç ölkə "Eurovision-2012" təmsilçisini müəyyənləşdirdi

Niderland, FinlandiyaSloveniyanın "Eurovision-2012" təmsilçiləri müəyyənləşib.

Trend-in müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, Niderlandın “Eurovision” mahnı müsabiqəsi üzrə milli seçimlərinin finalında 6 ifaçı çıxış edib. 6 ifaçı əvvəlcə 3 duet şəklində yarışıb. Hər duetdən 1 nəfər superfinala keçmək hüququ əldə edib. Münsiflər heyəti və tamaşaçıların birgə rəyi əsasında Joan “You And Me” (“Sən və Mən”) mahnısı ilə Niderlandı builki "Eurovision" şousunda təmsil etmək şansı qazanıb. Qeyd edək ki, Niderlandın “Bakı Kristal Zalı”nda ilk çıxışı mayın 24-də keçiriləcək ikinci yarımfinalda olacaq.

Finlandiyanın Avropanın sevilən televiziya şousundakı təmsilçisi də müəyyən edilib. Pernilla Karlsson 53.4% səslə milli final gecəsinin qalibi olub. Müğənni Bakı səhnəsində “När Jag Blundar!” mahnısını oxuyacaq. Finlandiya "Eurovision" şousundakı ilk çıxışını mayın 22-də birinci yarımfinalda edəcək.

Sloveniyanın da “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi müəyyənləşib. Bu, 16 yaşlı Eva Botodur. Ölkənin milli finalında iki namizəd mübarizə aparıb. Finalda Eva Boto Nika və Eva Prusnik əkiz bacılarına qalib gələrək Sloveniyanı təmsil etmək hüququ qazanıb. Ölkə təmsilçisi tamaşaçı səsverməsi ilə seçilib. O, müsabiqədə “Verjamem” mahnısını ifa edəcək. Sloveniya təmsilçisi Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsinin mayın 24-də keçiriləcək ikinci yarımfinalında çıxış edəcək.