www.nice.az > Xəbərlər > Azərbaycanı 'Eurovision'da Səbinə Babayeva təmsil edəcək

Azərbaycanı 'Eurovision'da Səbinə Babayeva təmsil edəcək


13 fevral 2012. Müəllif: NiXaTo
Azərbaycanı 'Eurovision'da Səbinə Babayeva təmsil edəcək

Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçisinin seçilməsi üçün milli final konserti keçirilib. APA-nın məlumatına görə, finala vəsiqə qazanan beş finalçı arasından Səbinə Babayeva Azərbaycanı bu mötəbər müsabiqədə təmsil etmək hüququ qazanıb.

Qalib İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, xalq artistləri Faiq Sücəddinov, Rauf Babayev, Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva, musiqişünas, professor Zümrüd Dadaşzadə və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyevanın daxil olduğu münsiflər heyətinin rəyi əsasında seçilib.

Milli final konserti Heydər Əliyev Sarayında baş tutub. Açılış mərasimi 57 illik “Eurovision” Mahnı Müsabiqəsinin tarixini, eləcə də Azərbaycanın təmsil olunduğu və əldə etdiyi yüksək nəticələri göstərən 4 illik təmsilçiliyindən bəhs edən video-çarxın nümayişi ilə başlayıb.

Milli finalın keçirildiyi səhnədə bir böyük, 6 daha kiçik ölçülü LED ekranlar quraşdırılıb. Bu ekranlarda “Eurovision -2012”-nin şüarı - “Öz məşəlini alovlandır”ı (“Light your fire”) əks etdirən xüsusi roliklər nümayiş etdirilib.

Eyni zamanda Azərbaycanın müxtəlif bölgələrinin, tarixi məkanlarının əks olunduğu kadrlardan ibarət görünrülər də bu video-çarxlarda yer alıb.

Aparıcılar Hüsniyə Məhərrəmova, Leyla Əliyeva və Kamran Quliyev səhnəyə xüsusi rəqslə çıxıblar. Təmsilçilik adı uğrunda beş nəfər –Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılova mübarizə aparıb. Hər finalçı üç mahnı ifa edib. Proqramda Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edən və beşincilik qazanan Səfurə Əlizadə maraqlı şou nümayiş etdirib.

Gecənin xüsusi qonaqları qismində Türkiyənin “Eurovisio -2012” təmsilçisi Can Bonomo və Malta təmsilçisi Kurt Kalleya (Kurt Kalleja) çıxış ediblər.

Can Bonomo müsabiqə üçün mahnının müəllifliyini özü etdiyini deyib. O, hazırda “Eurovision-2012”-də ifa edəcəyi mahnı üzərində ciddi-cəhdlə işlədiyini vurğulayıb.

Daha sonra səhnə alan Kurt Kalleja Azəbrbaycan xalqını salamlayıb və uğurlar diləyib. O, səhnədə “This is the night” mahnısını ifa edərək, elə doğma dilimizdə Azərbaycanı çox sevdiyini deyib.


Azərbaycanı 'Eurovision'da Səbinə Babayeva təmsil edəcək


Səbinə Babayeva 2 dekabr 1979-cu ildə anadan olub. 10-12 yaşlarında “Şən notlar” xorunun solisti olub. Asəf Zeynallı adına musiqi kollecini bitirib. 1999-cu ildə musiqi institutları arasında keçirilən “Dalğa” yarışmasında xarici mahnının ən yaxşı ifası nominasiyası üzrə 1-ci mükafatın laureatı; “Golden Hit/99" gənc vokal ifaçıları beynəlxalq müsabiqəsinin laureatı; 2009-cu ildə Latviyada keçirilən “Amberstar”, 2009-cu ildə isə Moskvadakı “Slavyan Ulduzu” nda “Gran Pri” mükafatına layiq görülüb. “Bəyaz Həyat” filmində “Röya kimi” sauntrekinin ifaçısı; “Notre Dame De Paris” (Fler de Lis) müziklində ifaçı olub. Bu il AZƏRBAYCANI "Eurovision"da təmsil edəcək...