www.nice.az > Xəbərlər > Ermənilər Xocalı soyqırımı günü ümummilli şənlik düzənləyəcəklər
Ermənilər Xocalı soyqırımı günü ümummilli şənlik düzənləyəcəklər17 fevral 2011. Müəllif: krik |
Ermənistan "Eurovision 2011" mahnı müsabiqəsinə təmsilçisinin ifa edəcəyi mahnı seçimini 26 fevral tarixində, yəni Xocalı soyqırımı günü edəcək. ANS PRESS Ermənistanın "News.am" saytına istinadən verdiyi məlumata görə, bundan əvvəl isə seçimin 19 fevralda baş tutacağı elan edilmişdi. Tamaşaçılar və münsiflər heyətinə 4 mahnı təqdim ediləcək. Seçiləcək mahnı Emmi və Miqran tərəfindən Dyüsseldorfda ifa ediləcək. Mahnını televiziya tamaşaçıları və münsiflər heyəti 50/50 nisbətində seçəcəklər. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış 2500 xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib, qətliamın qurbanı olub. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. |