www.nice.az > Maraqlı Məlumatlar > Çingiz Mustafayevin göz yaşları
Çingiz Mustafayevin göz yaşları28 fevral 2010. Müəllif: krik |
![]() Bu gün Çingizi Gördüm. Mustafayevi. Narahat, pərişan, nigaran. Üzündə inciklik və küskünlük vardı. İncimişdi sanki hamıdan. Gözlərimə inanmadım. - İlahi, bu Çingizdimi doğurdan?! Axı mən onun heyranı idim. O mərd, igid, qorxmaz, hamının fəxrlə yad etdiyi - dillərə dastan. "Kişi ağlamaz" - deyiblər, amma onun bəzi kadrları lentə alarkən için-için ağlaması onun əsil kişi olduğunun isbatı olmuşdu sonradan. Başını sinəsinə əyib ucu-bucağı görünməyən bir yol üstündə məzlum-məzlum oturmuşdu Çingiz. Saçları ağappaq ağarmış, saqqalı uzanmışdı. Əynindəki qanlı paltarını hələ də dəyişməmişdi. Qarşısına keçib salam verdim. Cavab vermədi, susdu. "Yoxsa məndən incimisən?!" - dedim. Başını qaldırıb məni mənalı-mənalı süzdü, "mən hamıdan incimişəm!" - dedi. "Bəs burda, yol üstündə niyə dayanmısan?" - dedim. Dərindən ah çəkərək "birini gözləyirəm!" - deyə cavab verdi. "Yəqin indi harda olsa gələr!" - deyib təskinlik vermək istədim. Yenə gözümün içinə baxdı. "Mən gözlədiyimi düz 18 ildir ki, gözləyirəm!" - dedi. "Kimdi o gözlədiyin?!" - deyə təəccüblə soruşdum. "Bircə mərd, igid, qorxmaz, şücaətli Azərbaycan oğlu." - dedi. "Onu neynirsən, niyə gözləyirsən?!" - dedim. "Çünki nə qədər əlləşirəm, vuruşuram tək bacarmıram!" - deyib başını aşağı saldı yenidən. Bunu eşidəndə xeyli utandım. Elə ona görə də mövzunu dəyişmək istədim. "Bəs kameran hanı, Çingiz!?" - dedim. "Kameramı elə o zaman oğurladılar, aldılar əlimdən." - dedi. "Bəs niyə etiraz etmədin?" - dedim. "Fikirləşdim ki, qoy götürsünlər, burda nə var ki, yəqin mənim yolumu davam edəcəklər, yəqin ki, onunla həqəqətləri ortaya çıxaracaqlar. Fikirləşdim ki, mənim kameramla haqqı tapacaq və ona sahib çıxacaqlar. Fikirləşdim ki, heç nədən, heç kimdən qorxmadan ancaq gördüklərini göstərəcəklər, görülməsi gərəkəni deyil. Fikirləşdim ki, onlar da mənim kimi tam müstəqil, azad olacaqlar. Amma yanılmışammış. Özü də çox yanılmışam!" - deyə əllərini ölçə-ölçə danışdı. Bir az ara verib yenə davam etdi: "Mən 18 ildi hələ də ağlayıram. Göz yaşımı silmədilər onlar mənim. Onlar mənim belimi qırdılar. Qürurumu sındırdılar. Yalan çəkib, yalan göstərdilər. Onlar çox yalan danışdılar. Ancaq şou çəkib şou göstərdilər. Olanları gizlətdilər, bildiklərini bildirmədilər! - deyə ağlaya-ağlaya çığırmağa başladı. Bir az keçdi. Sakitləşdik. Aramlaşdıq. Ikimiz də dərindən bir ah çəkdik. "İndi mənə qulaq as!" - dedim. - Mən də sənin kimi düşünürdüm. Onları yalançı sanırdım. Günahlandırırdım. "Qorxaqsız!" - deyirdim. Amma belə deyilmiş. Çünki bir zamanlar mən də sənin kimi olmaq istədim. Özümə kamera aldım, dəm-dəzgah qurdum. Küçələrə çıxdım, yollara düşdüm. Bir çox həqiqətləri lentə aldım. Acılar gördüm, qəmlər gördüm. Biabırçılıqlarla üzləşdim. Bəzilərini utana-uatana, bəzilərini gizlənə-gizlənə, bəzilərini qorxa-qorxa çəkdim. Hamısını bir-bir lentə aldım. Yoruldum. Əldən düşdüm. Axşam studiyaya qayıtdım. Çəkdiklərimi gözdən keçirib xalqa yayımlamalı idim. Amma dəhşətə gəldim. Gözlərimə inanmadım. Kameram bütün dərdi, qəmi, kədəri, yoxsulluğu - sevinc, şənlik, firavanlıq formasında çəkmişdi. Gözümlə gördüklərim başqa, lentdə olanlarsa bam-başqa idi. Lenti nə qədər o yana - bu yana çevrdimsə kefdən - damağdan başqa bir şey göstərmədi. Beləcə on dəfələrlə "dənədim" amma olmadı ki, olmadı. Gördüyümü çəkmədi Kameram. Bütün bunlardan sonra anladım ki, günahkar "onlar" deyilmiş sən demə, günahkar "kameralar"imiş.faktxeber.com. |