www.nice.az > İslam Dünyası > Səbr etmək

Səbr etmək


22 aprel 2010. Müəllif: Ancelas
Səbr etmək

İnsan vücudunda daima dini təhrikedicilərlə nəfsi təhrikedicilər vuruşurlar və onların arasında şiddətli müharibə gedir. Və bu müharibənin meydanı insan qəlbidir.

Dini təhrikedicilərin yardımçıları mələklərdir ki, onlar Allah ordusuna yardım edirlər və nəfsi təhrikedicilərinin yardımçısı isə şeytandır, yəni Allahın düşməni.

Səbir - dini təhrikedicilərin nəfsi təhrikedicilər qarşısında sabit və möhkəm dayanmağıdır. Bu sabitlik halının, yəni səbrin iki növü vardır:

1. Bədənin səbri, məsələn bədənin əziyyətlərinə səbir etmək kimi və bu səbir ya əməllə həyata keçir, məsələn çətin ibadətlərə dayanmaq və ya şiddətli xəstəliklərin və yaraların qarşısında səbir etməklə həyata keçir.

2. Nəfsin səbri isə odur ki, nəfsi xahişlərin və həvəslərin istəklərinə səbir edəsən.

Səbrin bu növü əgər qarnın, mədəninin istəklərinin qarşısında olarsa, iffətdir və əgər müsibətlər qarşısında olarsa, səbirdir.

Əgər sərvətə, mal-dövlətə səbir edirsə, nəfsi qorumaqdır və onun əksi naşükürlükdür.

Əgər qəzəbi yatızdırmaq üçündürsə, həlimli olmaq deməkdir, onun əksi isə qəzəbdir.

Əgər insanı boğaza yığan hadisələrin qarşısında səbir edirsə, səbirdir və əksi isə həmin hadisədən bezar olmaqdır.

Əgər sirr qarşısında səbir edərsə, sirr saxlamaqdır, əksi isə yaymaqdır.

Əgər dünya malının azlığına səbir edərsə, qənaət deməkdir və əksi isə israfdır.

Beləliklə deyə bilərik ki, səbir bütün əxlaqi dəyərləri əhatə edir və adil insanın böyüyü və rəhbəridir. Elə bu səbəbə görə də o zaman ki, Peyğəmbərdən (s) soruşdular ki, iman nədir? Cavab verdi ki, səbirdir.

Qurani Kərim səbir haqqında buryurur: “Şübhəsiz ki, səbir edənlərin əcrləri saysız-hesabsız, tamam-kamal veriləcəkdir” (“Zumər” surəsi, 10).

“Onlara səbir etdiklərinə görə ikiqat əcr veriləcəkdir. Bunlar, pisliyi yaxşılıqla qaytararlar və özlərinə verdiyimiz ruzidən infaq edərlər”. (“Qəsəs” surəsi, 54).

“Səbir edənlərə etdikləri əməldən daha yaxşısını əcr verəcəyik”. (“Nəhl” surəsi, 96).

Qurani-Kərimdə səbir haqqında çoxlu sayda ayələr gəlmişdir ki, onların hamısının bir məqsədi vardır ki, o da səbir edənlərin Allahın sevimli bəndələri olduğunun və onlara xüsusi dəyər verildiyinin vurgulanmasıdır.

Bəs hədislərimizdə necə, bu haqda nə deyilir? Allahın Rəsulu (s) buyurur: “Səbir - imanın yarısıdır”. O, Həzrət yenə buyurur: “Səbir xəzinədir, behişt xəzinələrindən”.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin qəbrə daxil olacaq, namaz sağ tərəfində, zəkatı sol tərəfində olar, xeyir işləri başına kölğə salar və səbir onun kənarında dayanar. O zaman ki, iki mələk sual vermək üçün qəbrə daxil olar, səbir namaza və zəkata deyər, sahibinizin qayğısına qalın, əgər bacarmasanız, mən qayğısına qalacam”.

O Həzrət (ə) yenə buyurur: “Əgər bir mömin bəlaya düçar olar və səbir edər, onun əcri min şəhidə bərabərdir”.

Əmirəl-möminin (ə) buyurur: “İman dörd sütun üzərində möhkəmdir: yəqin, səbir, cihad və ədalət”.

Həzrət Əli (ə) Peyğəmbərdən (s) nəql edir: “Səbrin üç növü var: müsibət zamanı edilən səbir, itaət zamanı edilən səbir və günahlardan edilən səbir. O kəs ki, müsibətlərə səbir edər - Allah ona 300 dərəcə verər ki, hər bir dərəcə arasındakı fasilə yerlə göy arasındakı fasilə qədərdir. Hər kim ki, itaət qarşısında səbir edər - Allah ona 600 dərəcə verər ki, bu dərəcələr arasındakı fasilə yerin axırıncı həddindən ərşə qədərdir. O kəs ki, günahı tərk etmək üçün səbir edər - Allah ona 900 dərəcə verər ki, bu dərəcələr arasındakı fasilə yerin axırıncı həddindən ərşin sonuna qədər olar”.

İmam Baqir (ə) buyurur: “Səbir iki yerə bölünür, o səbir ki, bəlaların qarşısında edilir, o çox gözəldir və ondan da üstün haramdan uzaq olmaqdır”.

Səbir məqamından xaric olmaq isə çoxlu şikayət etmək, fəryad çəkmək, üz-gözü döyəcləmək və sairdir ki, bunlar Allahın bəyənmədiyi əməllərdir və insan ixtiyar etsə, bunların hamısından çəkinə bilər, Allahın müsibətinə görə razılıq edə bilər. Əlbəttə bu razılıq o mənaya deyil ki, müsibəti sevir, xeyr. Daxili narahatlıqlar, ağlamaq səbir etməmək mənasında deyildir. Belə ki, Peyğəmbər (s) oğlu İbrahim dünyadan gedəndə göz yaşı tökmüşdü və ona deyəndə ki, sən axı bizi bu işdən həmişə uzaqlaşdırırsan? O Həzrət (s) cavab verdi: “Bu rəhimdir, Allah ancaq öz bəndələrinə rəhim edir ki, onların özlərinin rəhimləri olsun, göz yaşı tökür və qəlbi hüznlü olur, ancaq o şey ki, Allahı qəzəbləndirir - demir”.

Bunun kimi insanlar razılıq məqamından xaric olmazlar. Səbrin kamallarından biri də insanın kasıblığını, xəstəliyini və başqa müsibətlərini sirr olaraq saxlamasıdır. İmam Baqir (ə) Allahın Rəsulu (s) haqda buyurur: “Allah Təala buyurur: “O kəs ki, xəstələnə və xəstəliyinə görə yanına gələnlərə şikayət etməyə, bədəninin əti yerinə ən yaxşı ət, qanı yerinə ən yaxşı qan verərəm. Əgər ona şəfa versəm, o zaman şəfa verərəm ki, onun günahı olmasın və əgər onun canını alaramsa, onu öz rəhmətə tərəf apararam”.

Bu hədisin təfsirində buyururlar ki, ən yaxşı ət və qan dedikdə o nəzərdə tutulur ki, o ət, qan və dəri ilə günah işlətməyibdir.

Şikayət dedikdə isə o nəzərdə tutulur ki, məsələn bir kəs öz xəstəliyindən şikayət edərək deyir ki, elə bir xəstəliyə tutulmuşam ki, heç kim bu xəstəliyə düçar olmayıbdır və ya elə bir müsibətdəyəm ki, heç kim belə müsibətə düçar olmayıb. Həzrət buyurur ki, şikayət o deyil ki, məsələn deyəsən dünən yatmamışdım və ya deyəsən bu gün qızdırmam var.

İmam Baqir (ə) gözəl səbir haqqında sual verəndə o Həzrət buyurdu: “Gözəl səbir o səbirdir ki, onda şikayət olmasın. Amma Allaha şikayət etmək çətinlik yaratmır. Belə ki, Yəqub (ə) buyurur: “Hüzn və qəmimdən ancaq Allaha şikayət edirəm””.

Sonda onu deyə bilərik ki, dərdi yaradan Allah onun dərmanını da yaradır və şəfa vermək üçün vəd verir. Səbir çətin bir əməl olsa da, onu elm və əməl dərmanı ilə əldə etmək olar, yəni müasir dövrümüzün problemlərini kiçik hesab edib və müsibətlərin ömrünün qısa olduğunu nəzərə alaraq, hədis və Quran ayələri haqqında təfəkkür edərək, etdiyimiz zərərin cüziliyini anlayaraq, səbir edə bilərik və bununla dini təhrikediciləri gücləndirib, nəfsi təhrikediciləri zəiflədə bilərik.

Bir sözlə, səbir möminin şeytana qarşı ən yaxşı silahıdır və qurbi-İlahiyə çatmaq istəyən hər bir müsəlman bu silahı ömrü boyu hərəkətdə saxlamalıdır ki, qəbir evində səbir onun yardımına gəlsin, axirətdə isə Allahın ən sevimli bəndələrindən olsun. Müasir dövrümüzün gündəlik problemləri qarşısında səbir edək və imanımızı gücləndirək. Amin!!!


ŞƏRH YAZMAĞI UNUTMAYIN...!